"QAZETA" ANALİTİK İNFORMASİYA MƏRKƏZİ www.qazeta.com

İNFORMASİYA MƏRKƏZİ 04.03.2010-CU İLDƏ TƏSİS EDİLMİŞDİR. AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR VƏ ƏDLİYYƏ NAZİRLİYİNDƏ DÖVLƏT QEYDİYYATINA ALINMIŞDIR. QEYDİYYAT NÖMRƏSİ VOEN 2001687911. İNFORMASİYA MƏRKƏZİ AVROPADA FƏALİYYƏT GÖSTƏRİR. Email : tkqazet@gmail.com

General xalq artistlərinin davasını qızışdırdı; İlhamə Quliyeva həmkarını yenə hədələdi

2

 

Azərbaycanın xalq artisti, «Şöhrət» ordenli İlhamə Quliyeva xalq artisti Nazpəri Dostəliyevaya açıq məktub ünvanlayıb. O, bir neçə gün əvvəl Nazpəri Dostəliyevanın «Bandotdel»in rəisi, general Mirqafar Seyidov adı ilə tərəfindən hədədlənməsi haqda prezident İlham Əliyevə yazdığı məktuba cavab verib. Mia.az İ.Quliyevanın açıqlamasını olduğu kimi təqdim edir: 

«Mən, İlhamə Quliyeva, ictimaiyyətə catdırmaq istəyirəm ki, əgər Nazpəri Dostəliyevanın cəfəngiyyat məktubunda cənab Prezidentin və xanımı Mehriban Əliyevanın adı çəkilməsəydi, heç bir zaman ona reaksiya verib, şərəfləndirməzdim. Bir halda ki, Nazpərinin olmayan statusu bu addıma icazə vermir, dövlət başçısına, xanımına və xalqıma hörmətimdən, sayqımdan, sadiqliyimdən münasibətimi bildirmək istəyirəm.

Öncə onu bildirim ki, Nazpəri Dostəliyeva öz acınacaqlı vəziyyətini sığortalamaq üçün bu cəfəngiyata, yalan, həqiqətə uyğun olmayan fikirlərə əl atıb. 2012-ci ilin dekabr ayında bu ifaçı ATV kanalının «Onlar» verilişində məni təhqir edərək, şərəf və ləyaqətimi ləkələməyə cəhd göstərib. Hədsiz dərəcədə tərbiyəsizlik nümayiş etdirərək məni təhqir və parodiya edib. Daha sonra «Space» kanalında yaradıcılığımın benefisi keçirilən verilişdə mənim ifadələrimi, jestimi, ümumiyyətlə, həmin verilişdə nə danışmışamsa, onları ifrat dərəcəsində ələ salaraq, sanki efirdən üstümə qışqıraraq, «sən kimsən? sən nəçisən? Sənin nə səsin var, nə də sənətin, mənim sənə yazığım gəlir və s.» bu kimi ifadələr işlədib. İndi sual verirəm; yazıq kimdir və kimə yazığı gəlir?

Nazpəri bir müddət əvvəl «Lider» kanalının «Solo» verilişində yenə də ifrat dərəcədə iç dünyasını nümayiş etdirib. Ünvanıma o ki var təhqiramiz fikirlər səsləndirib. Həmin verilişdə canlı ifa zamanı “xoruz” buraxaraq özünü biabır edib və oxumasını yarımçıq dayandırıb. Sizcə, səsi və sənəti olmayan kimdir? Dəfələrlə Nazpəri mənə qarşı hörmətsizlik edib. Hər dəfə məni görəndə yaxınlaşaraq, boynumun ardından, saçımdan öpüb və «siz məni sevsəz də, sevməsəz də, öpəcəm, sizi istəyəcəm»-deyib. Bu olaylar bir neçə insanın gözü qarşısında olub. Ümumiyyətlə, Nazpəri hər zaman dilinin bəlasına düşüb, başından böyük hərəkətlər edərək çaşıb, səhvlərə yol verib. Açıqlamağa biabırçı məsələlər və faktlar çoxdur. Hələ ki, şəxsiyyətimə, sənətimə, statusuma yaraşdırmayıb, susuram. Ona görə də daxili işlər naziri, general-polkovnik Ramil Usubov cənablarına ərizə ilə müraciət elədim. Həmin ərizə ilə bərabər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə Nazpəri Dostəliyevanın kanallarda məni təhqir elədiyi çəkiliş disklərini də təqdim etmişəm. Cənab nazir adıçəkilən idarənin rəhbərliyinə göstəriş verib ki, ərizəni araşdırsınlar və nəticəsini nazirə məruzə eləsinlər.

Nazpəri mənə şər atır ki, guya bir neçə xalq artistləri ilə mənim münasibətim pisdir. Bu, ağ yalandır. Əslində o, bu addımı atmaqla kampaniya yaratmaq fikrinə düşüb. Adları çəkilən sənətçilərdən birini çıxmaq şərti ilə — bu, Məleykə Əsədovadır, onu da məsuliyyətə cəlb etdirəcəm — hamısıyla dostam və mənim ətrafımdadırlar.

Nazpəri bir zamanlar xalq artisti Brilliant Dadaşova ilə də çəkişirdi, guya Brilliant onun qoşa-nağara çalan olub. Ancaq nəticə Nazpərinin ondan üzr istəməsilə bitdi.

Mədəniyyət aləmində hamı bilir ki, mən, onlarla gəncin sənətə gəlməsinə yardımçı olmuşam. Vaxtilə nəhəng Fikrət Əmirov səsim üçün silsilə əsərlər bəstələmişdi. Mən Rəşid Behbudov,Tükəzban İsmayılova, Həbib Bayramov akademiyası görmüşəm. Soruşuram, Nazpəri, sən kimi görmüsən? Hansı bəstəkar sənin üçün bir mahnı yazıb? Bacın Zeynəb Dostəliyeva səndən yaxşı oxuyur deyə onunla da bir zamanlar dalaşırdın. Sənətdən danışmağa haqqın yoxdur. Dəfələrlə Azərbaycan bayrağını başqa ölkələrdə göylərə qaldırmışam. Nazpəri qurban olsun Səyavuş Kərimiyə ki, onu Biləcəridən o yana aparıb.

Nazpəri deyir ki, guya “Space” kanalında ona qadağa qoydurmuşam. Halbuki bu yaxınlarda İlham Mirzəyevin “Etiraf” verilişində «hopstop» oynayırdı. Nazpəriyə tələbat yoxdur və buna görə də onu efirə dəvət etmirlər. Guya DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov mənim dostumdur. Nazpəri bu yazısıyla yüksək rütbəli dövlət məmuruna — polis, general-mayora böhtan atır və buna görə də məsuliyyət daşıya bilər. Əslində isə Mirqafar Seyidov bütün Azərbaycan xalqının asayişini qoruyan, hamının dostudur. Üstəlik mən ərizəmi cənab nazir Ramil Usubova təqdim etmişəm. Mənə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən zəng edib təklif etdilər ki, bizi görüşdürsünlər və barışıq olsun. Lakin mən buna qəti surətdə razılıq vermədim. Çünki belə çaşqınlığı dəfələrlə bağışlamışam. İndi bu fikirdən vaz keçirəm.

Nazpəri böyük oğlunun toyunda mənə zəng elədi və toy mərasiminə dəvət edib dedi ki, istəyirəm süfrəmizin başında böyük sənətkarımız əyləşsin. Lakin mən o toy məclisinə getmədim. Nazpəri toy məclislərinin birində gəldi, güclə yanımda əyləşdi, öpüb, qucaqlayıb dedi: «İki balam ölsün, bizim aramıza girən var, mən sizin haqqınızda heç bir pis fikir söyləməmişəm». Həmin məclisdə mənimlə şəkil çəkdirib elə həmin anda «lent.az» saytına yerləşdirmişdi. Bağışlamaq Allahdan qalıb. Dəfələrlə bağışladım və yenə də eyni səhvi etdi.

Bilmək istəyirəm, Nazpəri Dostəliyeva məndən — iki dövlətin xalq artisti, ulu öndərimizin təltif etdiyi Şöhrət ordenli, Dünya sülh səfiri, Cenevrədə BMT-in İdarə Heyətinin fəxri üzvü, Vətən mükafatı laureatı, Dünya Azərbaycanlıları Konqresi Birliyinin Mədəniyyət Akademiyasının prezidentindən nə istəyir? Əgər bir şey ürəyindən keçirçə, alım göndərim. Bunun haqqı varmı mənim kimi toxunulmaz statuslu sənətkarın ünvanına belə biabırçı addımlar atsın? Kimə arxalanır? Mən yarım əsrdir bu dövlətə, bir dövlət başçısına, Vətənimə, xalqıma xidmət edirəm. Mənim statusumda olan hər bir Azərbaycan vətəndaşı toxunulmazdır. Nazpəri, sənin öz yerin var, mənim öz yerim — otur yerində… Azərbaycan iri addımlarla addımlayan, çiçəklənən bir ölkədir. Və hamı Bakıda bir-birini çox gözəl tanıyır. Yaşdan çox danışırsan, Allah saxlasın, iki oğul övladın var. Böyük oğlun 40 yaşını keçib, artıq nənə də olmusan. Bu qədər yaşdan danışırsan, ayıb deyilmi? Yenə deyirəm, sənin yaşın hər kəsə bəllidir. Əgər sussan, bu, sənin xeyrinə olar. Mən bu təhqirlərdən vaz keçən deyiləm, sona qədər bu məsələ öz hüquqi yerini tapmalıdır. Ağıllı ol, sənin ünvanıma təhqiramiz fikirlərinin çəkilişi mənim əlimdə və mühafizə orqanlarındadır. Mən bu işi boş buraxan deyiləm. Bundan sonra kim belə çaşqınlığa, azqınlığa yol versə, onları da sənin aqibətin gözləyir».

***
Bu isə Xalq artisti Nazpəri Dostəliyevanın martın 1-də prezident İlham Əliyevə müraciətidir. Həmin xəbəri də olduğu kimi təqdim edirik:

Xalq artisti Nazpəri Dostəliyeva ondan «Banditizm»ə şikayət eləyən İlhamə Quliyeva ilə bağlı prezidentə müraciət edib. Şikayət və bundan qaynaqlanmış problemlərlə bağlı məlumat göndərən Nazpəri Dostəliyeva prezident İlham Əliyevə müraciət edərək, general-polkovnik Mirqafar Seyidovun adı ilə təhdid edildiyini bildirir. Mia.az müraciətin aktuallığını nəzərə alıb, olduğu kimi təqdim edir:

«Məni baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə dəvət edəndə əvvəl bunu kiminsə zarafatı kimi qəbul etdim. Daha sonra bu məsələnin həqiqət olduğunu öyrəndim və bildirdilər ki, məni İ. Quliyevanın şikayəti əsasında dəvət edirlər. Həmin idarənin bu tip işlərlə məşğul olmadığını, mənim isə heç bir qanuna zidd əməl törətmədiyimi bilsəm də, qanunlarımıza hörmət əlaməti olaraq oraya gəldim. İdarədə İ. Quliyevanin şikayət ərizəsi ilə tanış olduqdan sonra nə həmin ərizədə göstərilən faktların həqiqətə uyğun olduğunu, nə də ki onların mənə aidiyyatı olduğunu bildirdim. Çünki mən heç bir kütləvi informasiya vasitələrində, hər hansı başqa yerdə İ. Quliyevanın adını çəkməmişəm, onun barəsində hər hansı bir fikir söyləməmişəm. İdarəyə gələndən sonra İ. Quliyeva 106 FM radioefirində məni təhqir etməyə və öz dostu, general-polkovnik Mirqafar Seyidovla təhdid etməyə başladı. 

O, hər dəfə deyir ki, Mirqafar Seyidov onun yaxın dostudur. Axırıncı müğənniləri onun adı ilə qorxudur. Əgər general-polkovnik Mirqafar Seyidov onun dostudursa, o bütün müğənniləri onunla qorxuzduracaq.

Həmçinin, o, deyir ki, “Space” televiziya şirkətinin prezidenti Vaqif Mustafayev də onun yaxın dostudur. Onun sözlərinə görə, onun icazəsi olmadan Vaqif Mustafayev müğənniləri efirə buraxmır.

Mən isə özümə və digər xalq artistlərinə mənim və onların ünvanlarına edilən davamlı təhqirlərə dözmək mümkün olmadığı üçün bir vətəndaş və xalq artisti kimi möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarına, bir ana kimi millət vəkili, YUNESKONUN sülhməramli səfiri Azərbaycanin birinci xanımı Mehriban xanım Əliyevaya, törədilən qanuna zid əməllərin qarşısını almaq üçün isə daxili işlər naziri Ramil Usubova müraciət etmişəm. Bilmək istəyirəm ki, hansı əsaslarla İlhamə Quliyeva məni və digər xalq artistlərini, o cümlədən Məleykə Əsədovanı, Nisə Qasımovanı, Brilliyant Dadaşovanı, Səməd Səmədovu və s. təhdid edir. İndiyə kimi heç bir qalmaqallarda, münaqişələrdə adım heç vaxt hallanmayıb.

İlhamə Quliyeva öz dostları ilə həmişə şou-biznesdə hegemon qalmaq istəyir, özünü toxunulmaz elan edir. Bu insan canlı efirdə sənətdə ilk addımını atan müğənnilərə xalq artisti və digər titulları paylayır.

Mən başa düşmürəm, o, mədəniyyət naziridir, yoxsa prezidentin köməkçisi?

İnanıram və əminəm ki, mənim hüquqlarım ən yüksək səviyyədə müdafiə olunacaq, bir xalq artisdi kimi həm bizlərə həm də ümumilikdə dövlətimizə və xalqımıza baş ucalığı gətirməyən bu cür halların qarşısı alınacaq. Bu andan bəri bütün bu işlərimi səlahiyyətli vəkilim Yunis Vəliyəvə həvalə etmişəm”. 

 

Информация

This entry was posted on Март 4, 2013 by in SON XƏBƏRLƏR.

Навигация

Отслеживать

Get every new post delivered to your Inbox.

Join 7 998 other followers

%d bloggers like this: